Media

Süni İntellektin Azərbaycan Mediasında İstifadəsi Perspektivləri

Orkhan Jalilov Analysis 23 June 2020
Süni İntellektin Azərbaycan Mediasında İstifadəsi Perspektivləri

Süni intellekt (Sİ) dedikdə maşın texnologiyasının insan zəkasını imitasiya edərək alqoritm və verilənlər bazasından istifadə edərək, sorğu və müaricətə anında cavab (çat-botlar), öyrənmək və öyrətmək, planlaşdırma və yaradıcılıq kimi insan qabiliyyətlərini göstərməsi başa düşülür.

2000-ci illərdən bəri Sİ texnologiyası bir çox sahələrdə kifayət qədər sürətlə və hərtərəfli öyrənilmiş və təkcə sənaye deyil, həyatımızı yüngülləşdirən bir çox sahələrdə tətbiq edilmişdir. Sİ pilotsuz maşın, təyyarə və dronların idarə edilməsindən tutmuş mükəmməl tibbi diaqnostika verilməsinə qədər geniş sahələrdə insanların köməyinə çatır [1].

Sİ-nin mediada rolu

Yeni mütərəqqi innovasiyaların bütün sahələrdə tətbiq edildiyi və sosial medianın KİV-lə rəqabətdə olduğu bir dövrdə, xəbərin tez bir zamanda yaradılması, çatdırılması, toplanması, analiz və data əlavə edilməsi, proqnozlaşdırılması, statistik məlumatların vizuallaşdırılması və yanlış məlumatların üzə çıxarılması üçün yeni texnologiyaların istifadəsi bizim ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Associated Press, Reuters, The New York Times, Bloomberg kimi media nəhənglərinin artıq son 3 il ərzində tətbiq etdiyi Sİ texnologiyası insan amilini minimallaşdıraraq, jurnalistikanın avtomatlaşdırılması yönündə bir sıra addımlar atmış və bundan istifadə edərək daha keyfiyyətli yüz minlərlə xəbər yaratmışdır.

Sİ texnologiyasının tətbiqi tam olaraq jurnalistikada insan amilini yox etmir, əksinə qısa zaman ərzində jurnalistikada keyfiyyət və kəmiyyət dərəcələrini artırmağa xidmət edir. Sİ jurnalistə daha çox imkanlar açaraq oxucu cəlb edir, daha dərin analitik yazılar yazmağa təşviq edir, balanslaşdırılmış və dəqiq məlumatı oxucuya çatdırmaq qabiliyyətinə malikdir.

Gələcək nəsil jurnalistikasında alqoritmlərdən istifadə edilərək xəbərin toplanması, növləndirilməsi, yaradılması və çatdırılması labüddür və hər bir ölkə gec və ya tez bu texnologiyanın tətbiqinə başlayacaq. Hətta xarici dildə olan xəbər saytlarının avtomatik olaraq, Təbii dilin emalı (Natural Language Processing, NLP) texnologiyası vasitəsilə oxucunun üstünlük verdiyi dilə tərcümə etmək də mümkündür və belə olan təqdirdə istənilən dildə yazılmış informasiyanın mənbəyi çox asanlıqla jurnalist üçün əlçatan olur. Bu texnologiya süni intellekt və riyazi dilçiliyin ümumi istiqaməti olub, danışıq, yaxud mətn şəklində təqdim olunan təbii dillərin kompüter texnologiyası vasitəsilə analiz və sintezi problemlərini öyrənir [2].

Tədqiqatlara görə 2034-cü ilə kimi dünya üzrə xəbərlərin 90%-i avtomatlaşdırılmış texnologiya vasitəsilə yaradılacaqdır. Hal-hazırda alqoritmlər minlərlə xəbər yazıları nəşr edir. Təkcə Assosicated Press xəbər agentliyinin 2019-cu ildə nəşr etdirdiyi 700,000 xəbərdən 40,000-i robot texnologiyası əsasında yaradılıb [3].

Müasir media hər gün artan internet istifadəçilərinə keyfiyyətli və sürətli xəbəri çatdırmaq üçün, yazıya multimedia, data vizualizasiyanı əlavə etmək və sosial mediada artan fakenews problemindən dolayı “Big Data” ilə işləmək zərurətindədir.

Ötən il, Avropa Parlamentinə seçkilər zamanı Sİ texnologiyasından istifadə media istifadəçilərinə seçki barəsində xəbərlərin daha sürətli, dəqiq və vizual olaraq çatdırılmasında böyük rol oynadı [4].

Norveçin NTB xəbər agentliyi isə hələ 2016-cı ildə avtomatlaşdırılmış idman xəbərləri sahəsində yenilik edərək, futbol yarışının bitməsindən 30 saniyə sonra xəbərləri onlayn olaraq ictimaiyyətə çatdırmağa başlamışdı [5]. 2019-cu ildə isə NTB idman sahəsində avtomatlaşdırılmış xəbər sayının ildə 170,000-ə çatdırıldığını qeyd edib [3].

Azərbaycan mediasına qısa baxış

2000-ci illərin əvvələrinə kimi televiziya və peyk qəbulediciləri Azərbaycanda xəbərlərlə əlaqəli məlumatların əsas mənbəyi olmuşdur. Hal-hazırda isə rəqəmsal media yerli oxucuların ən çox müraciət etdiyi məkandır.

Qəzet və jurnallar isə xəbərin sürətli çatdırılması, keçmiş xəbərin axtarışı, alternativlik, daha rəngarənglilik baxımından rəqəmsal mediaya uduzur və buna görə də illər keçdikcə qəzet nəşr edən medianın onlayn mediaya keçdiyinin şahidi oluruq. Hal-hazırda ölkəmizdə 4000-ə yaxın qəzet Ədliyyə Nazirliyində qeydiyyata alınıb, ancaq onlardan təxminən 50-si nəşr olunur və onların yayılması isə əsasən paytaxt Bakı ilə məhdudlaşır.

2018-ci ildə Azərbaycan əhalisinə nisbətdə yerli internet istifadəçilərinin sayı 79,8% təşkil etmişdir. Onu da qeyd etmək lazımdır ki, bu göstərici 2002-ci ildə ölkə üzrə cəmi 5% təşkil etmişdi [6].

Ən son xəbərlərin paylaşılması, oxunması və müzakirə edilməsi baxımından yerli internet istifadəçiləri arasında aparıcı sosial şəbəkələr Facebook və Twitter hesab olunur. Statcounter.com-un məlumatına görə [7], 2020-ci ilin May ayında Azərbaycanda daxil olma nisbətinə görə ilk altı sosial şəbəkə bunlardır: Facebook – 39.27%, Pinterest - 29.68%, YouTube - 18.75%, Instagram - 5.57%, Twitter – 4.63%, VKontakte – 0.96%

Ölkə mediyası dövlət və özəl media qurumlarına bölünməklə əsasən Azərbaycan, rus və ingilis dilində oxuculara xəbər çatdırır. Bundan əlavə ölkədə iqtisadi, sosial və siyasi məsələlərlə məşğul olan və bu sahədə müxtəlif növ analitik yazılar dərc edən beyin mərkəzləri də fəaliyyət göstərir.

TTCSP Global think-tank indeksinin 2019-ci ilə olan məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən 16 beyin mərkəzinin tədqiqat və təhlil yazıları bir sıra ölkələrin xəbərlərində də istifadə edilir [8].

Sİ Azərbaycan mediasını necə dəyişə bilər?

Post-Sovet məkanında ilk dəfə olaraq Azərbaycanda Sİ, Maşın Öyrənilməsi (Machine Learning) və Təbii Dil Emalı texnologiyasına əsaslanan xəbər portallarının yaradılması yerli və xarici oxuculara daha dolğun, səhih, analitik, iqtisadi və digər analitik xəbərlər çatdırması üçün vacibdir. Sİ əsaslı mediadan adi vətəndaşlarımız, iqtisadiyyatçı və maliyyəçi ekspertlərimiz, iş adamları, araşdırma mərkəzləri, ölkəmizə maliyyə ayırmaq investorlar faydalana bilər.

Sİ əsasında Azərbaycanda yaradılacaq xəbər yönlü saytlar və mobil tətbiqlər oxuculara bu yenilikləri gətirə bilər:

1. Mükəmməl formada fərdiləşdirilmiş iqtisadiyyat, siyasət və hərb sahəsində yazıları keyfiyyətli formada auditoriyaya çatdıra bilər

2. Avtomatlaşdırılmış və daha dərin analitik yazıların hazırlanmasına təkan verə bilər

3. Xəbər tərkibli video və audio yazıların ana dilinə transkripsiyası

4. Cari dövrdə dəyişən data-vizualizasiyası, interaktiv və statik qrafiklər, informativ xəritələrin və multimedianın xəbərlərdə təşviqi

5. Yazılarda daha çox data yerləşdirilməsi və bunun üçün data-mining həyata keçirilməsi zərurəti yaradar

6. Saxta xəbərlərin aşkar edilməsinə imkan yaradaraq, onların yayılmasının qarşısını ala bilər

7. Maliyyə və iqtisadiyyat yüklü xəbərlərdə risklərin müəyyən edilməsi və proqnoz verilməsi

8. İqtisadi və siyasi təhlillərin aparılması üçün data analitikasının tətbiqi və təkmil analizin mümkün olması

Ölkənin hərbi vəziyyətdə olmasını nəzərə alaraq, informasiya müharibəsində əldə edilən uğurlar, diplomatik uğurlara bərabər sayılır. Müasir rəqəmsal texnologiyaların istifadəsi ilə yaradılmış portallar xarici media qurumlarına, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqda kömək edə bilər.

Bununla belə, robot jurnalistikası insan şüurundan və yaradıcılığından kənarda qalmayacaq. Sİ texnologiyası ilə yaradılan xəbərlərin keyfiyyətinə nəzarət mexanizmi daha yaradıcı, ədalətli və öz peşəsinə daim hörmət edən jurnalistlərdə olacaq.

CONNECT & FOLLOW